Arıçılar bal yarmarkasına gedir

10 Oktyabr 2017 20:40

Bakıda arıçılıq məhsullarının 18-ci sərgi-satış yarmarkasına start verilib. Yarmarkada 333 arıçıya öz məhsullarının satışını həyata keçirmək imkanı yaradılıb. Bu sırada Mərkəzi Aran rayonlarından olan arıçılar da var. Saatlıdan olan arıçı Ehtiram Məmmədov Bakı şəhərində keçirilən bal yarmarkasında iştirak edəcək. Arıçı yarmarkaya arıların hazırladığı 200 kiloqramdan artıq müxtəlif məhsullar çıxaracaq. Təbiət bu il arıçıların üzünə gülüb. Bu elə arıçıların özlərinin də üzünü güldürüb. Ehtiram dayı deyir ki, ötən illə müqayisə etdikdə bal məhsulu artıb. Arıçının sözlərinə görə arıların qışa hazırlanması üçün payız mövsümündə çox iş görmək lazımdır. Əsas olan isə arıya qış balının saxlanılmasıdır. Arıçı yarmarkaya çıxaracağı məhsulları asanlıqla sata biləcəyinə əmin olduğunu deyir.