Bu məhsul gömrük rüsumundan azad olunacaq

06 Dekabr 2017 20:08

Azərbaycana idxal edilən emal edilməmiş iribuynuzlu mal-qara gönləri idxal rüsumundan azad olunacaq. Sahibkarlar və ticarətçilər bunun dəri istehsalı və satışında canlanma yaradacağını deyirlər. Bərdədən olan dərzi Habil Quliyev uzun illərdir dəridən müxtəlif geyimlər hazırlayır. Deyir ki, hazırda dəri geyimlərinin hazırlanmasında durğunluq yaşanır. Qiymətlərin münasib olmaması sifarişçilərin də sayını azaldır. Hazırda dəridən hazırlanan geyimlər ölkəmizə əsasən Türkiyədən gətirilir. Dərzi deyir ki, ölkəmizə idxal olunan emal edilməmiş iribuynuzlu mal-qara gönlərinin idxal rüsumundan azad olunması Azərbaycanda dəri geyimlərinin hazırlanmasına marağı artıracaq. Bu sahədə canlanma yaranacaq. Eyni zamanda dəridən hazırlanan məhsulların qiymətləri də aşağı enəcək. Qeyd edək ki, Azərbaycana idxal edilən emal edilməmiş iribuynuzlu mal-qara gönləri gələn il yanvarın 1-dən idxal rüsumundan azad olunacaq.