https://youtu.be/dpVQ9G81y0s

Dezinfeksiya sədləri yoxdur

21 Dekabr 2017 15:16

Nəqliyyat vasitələri mal-qara satılan bazarlara daxil olmamışdan öncə dezinfeksiya edilməlidir. Bunun üçün xüsusi dezinfeksiya yamaları da olmalıdır. Lakin mal bazarlarında buna təsadüf etmək mümkün deyil. Mərkəzi Aran və Aran Qarabağ bölgəsində fəaliyyət göstərən heyvan satışı bazarlarının giriş-çıxış hissələrində dezinfeksiya sədlərinə rast gəlinmir. Heyvan satışı bazarlarına gedib-gələn təsərrüfatçılar deyir ki, bugünə qədər nəqliyyat vasitələri dezinfeksiya edilməyib. Ağdaşdakı heyvan satışı bazarının müdiri Məhəmməd Əzizov deyir ki, mal-qara ilə yüklənmiş avtomobillər giriş qapısında dezinfeksiya olunmasa da ümumilikdə bazar ərazisində bu tədbirlər həyata keçirilir. Baytar həkimlər isə hesab edir ki, heyvan satışı yerlərində dezobaryerlərin quraşdırılması ərazidə satışı həyata keçirilən mal-qara arasında yayıla biləcək müəyyən xəstəliklərə qarşı qabaqlayıcı tədbir funksiyasını yerinə yetirir. Belə ki xüsusi məhlulla doldurulmuş dezobaryerlər heyvanları daşıyan nəqliyyat vasitələrinin təkərlərində qalan virusları məhv edir. Dezinfeksiya sədlərinə yalnız iri heyvandarlıq komplekslərində rast gəlinir. Baytarların sözlərinə görə, dezinfeksiya sədlərindəki məhlullar havanın yağışlı vaxtlarında xüsusilə tez-tez yenilənməlidir. Bunun səbəbi üstü açıq vəziyyətdə olan dezobaryerlərdəki dezinfeksiyaedici məhlulun yağış sularının təsirindən öz keyfiyyətini itirmək təhlükəsidir.