https://youtu.be/dpVQ9G81y0s

Müasir aqreqatlara tələbat yaranıb

10 2018 13:19

Sarımsağın becərilməsində müasir üsullardan kütləvi şəkildə istifadə edilmir. Təsərrüfatçılar bildirir ki, buna səbəb müasir kənd təsərrüfatı texnikalarının çatışmazlığıdır. Son illər Mərkəzi Aran və Aran Qarabağ bölgəsində sarımsaq əkininə artan maraq fonunda belə texnikalara da tələbat yaranıb. Fermerlər çətinliyi aradan qaldırmaq üçün fərqli üsullara əl atıblar. Tərtərdən olan təsərrüfatçı Çərkəz Səfərov bağlarda dərmanla işləri görmək üçün nəzərdə tutulan aqreqatda dəyişiklik edərək sarımsağın becərilməsinə istiqamətləndirib. Aqreqat bitkini alaq otlarından təmizləməklə 30 nəfərin bir gündə görəcəyi işi 4 saata yerinə yetirir. Sarımsağın əkini ilə məşğul olan digər təsərrüfatçılar da aqreqatdan istifadə etmək üçün Çərkəz Səfərova müraciət ediblər. Faydasını da görüblər. Fermerlərin sözlərinə görə sahənin texnika ilə becərilməsi məhsuldarlığın da yüksək olmasında müsbət təsir edir. Təsərrüfatçı Çərkəz Səfərov aqreqatı daha da təkmilləşdirərək ondan həm də sarımsağın çıxarılmasında istifadə etməyi planlaşdırır. Kənd Təsərrüfatı Nazirliyindən də bildirilir ki, sarımsağın becərilməsi üçün texnikalara tələbatın yarandığı təsdiqlənir. Nazirliyin nümayəndəsi Murtuzəli Haciyev deyir ki, ötən il respublika üzrə 2350 hektar sahədə sarımsaq əkini aparılıb. Əkin işlərini aparmaq üçün ölkəyə xüsusi texnikalar da gətirilərək fermerlərin istifadəsinə verilib. Xüsusilə də şimal bölgəsindəki fermerlərə. Nazirlik nümayəndəsinin sözlərinə görə, bu iş bu il də davam etdiriləcək.  Nazirlik nümayəndəsinin sözlərinə görə, təsərrüfatçılar soğanaqlı bitkilər üçün nəzərdə tutulan bəzi kənd təsərrüfatı texnikalarından sarımsaqda da istifadə edə bilərlər. Məsələn, soğan çıxaran texnikalar sarımsaq üçün də məqsədəuyğun hesab olunur.