Proqramdan daha çox insan faydalanacaq

12 2018 19:25

Ağsuda əhalinin özünüməşğulluğunun artırılması istiqamətində müəyyən addımlar atılır. Ötən il icra olunan özünüməşğulluq layihəsi çərçivəsində 10 nəfər rayon sakininə aktivlər verilib. Bu ilin sonuna qədər isə bu sayın 60-a çatdırılması nəzərdə tutulur. Özünüməşğulluq proqramından faydalananların sayı artıb. Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınanlara özünüməşğulluq üçün fərdi təsərrüfatlar yaradılır. Biznes planları dəyərləndirilənlər arasında dərzi kimi fəaliyyət göstərənlər, heyvandarlıqla məşğul olmaq istəyənlər yer alır. Ağsu rayon Məşğulluq Mərkəzinin direktoru Həsrət İbadov bildirir ki, 2017-ci ildə Ağsuda icra edilən ozünüməşğulluq layihəsindən 10 nəfər rayon sakini yararlanıb. Bunlardan 5 nəfərə iribuynuzlu, 1 nəfərə xırdabuynuzlu heyvanlar, 2 nəfərə xidmət, digər 2 nəfərə isə istehsal sahəsinə aid aktivlər verilib. Bu il proqramdan faydalananların sayı daha çox olacaq. Mərkəz direktorunun sözlərinə görə layihə çərçivəsində aktivlərlə təmin olunan sakinlərin fəaliyyətləri daim nəzarətdə saxlanılır. Aparılan müşahidələr nəticəsində onların biznesinin inkişaf tempi barədə Dövlət Məşğulluq Mərkəzi mütəmadi olaraq  məlumatlandırılır.