Ağdam və Saatlıda kənd yollarının tikintisinə başlanılıb

15 2018 20:12


Ağdamın təmas xəttinə yaxın yerləşən Əfətli, Hacıturalı və Hacıhəsənli kəndlərini birləşdirən avtomobil yolunun bərbad olması səbəbindən sakinlər mənzil başına vaxtında çata bilməməklə yanaşı nəqliyyat vasitələrinin ehtiyat hissələri də sınaraq sıradan çıxıb. Fermerlər kənd təsərrüfatı məhsullarını da bazarlara çıxarmaqda çətinlik çəkiblər. Eyni vəziyyət Saatlının Dədə Qorqud, Əhmədbəyli kəndlərinin sakinləri üçün də yaşanıb. Həm Saatlı, həm də Ağdamda sakinləri narahat edən yol məsələsi öz həllini tapacaq. Dövlət başçısının sərəncamına əsasən 5.4 kilometr uzunluğu olan Əfətli-Hacıturalı-Həsənxanlı və uzunluğu 2.5 kilometr olan Saatlı-Dədə Qoqud-Əhmədbəyli avtomobil yolu yenidən qurulur. 7 yaşayış məntəqəsini birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolundan 5 minə yaxın sakin, Saatlı-Dədə Qorqud-Əhmədbəyli yolundan isə 4 min 300 nəfər sakin yararlana biləcək. Hər iki avtomobil yolu dördüncü texniki dərəcəli olacaq. Qeyd edək ki, Ağdamda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi üçün 2 milyon manat, Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun inşası üçün isə Avtomobil Yolları Dövlət Agentliyinə 700 min manat vəsait ayrılıb.