Kənardan toxum gətirməyə ehtiyac yoxdur

24 2018 21:59

Ölkə xaricindən soğan toxumunun gətirilməsinə ehtiyac qalmayıb. Ölkənin soğan bazarında böyük paya sahib olan beyləqanlı fermerlər gördükləri işin sayəsində buna nail ola biliblər. Bununla da artıq xərclərin qarşısı alınıb. Yüksək məhsul əldə etmək üçün yaxşı imkan yaranıb. Uzun illərdir soğan əkini məşğul olan təsərrüfatçılar bu bitkini özləri sortlaşdırmağa başlayıblar. Artıq fermerlər soğan toxumunu başqa ölkələrdən gətirmirlər. Öz təsərrüfat sahələrində bu bitkinin toxumunu becərirlər. Təsərrüfatçılar bildirir ki, bu həm də xərclərə qənaət olunmasıdır. Əgər 1 kiloqram toxumun başqa ölkədən alış qiyməti 100 manata başa gəlirdisə, artıq bu xərc dəfələrlə azalıb. Təsərrüfatçılar soyuğa və şaxtaya davamlı toxumlar əldə ediblər. Bir hektar əraziyə 7-8 kiloqram toxum səpilib. İndi həmin sahədən 700-800 kiloqram toxum əldə olunacaq. Lakin fermerlər deyir ki, bu göstəricini daha yaxşı aqrotexniki qulluq göstərməklə 1 ton yarıma da çatdırmaq mümkündür. Toxumluq soğanla yanaşı satış üçün də məhsul yetişdirilir. Ötən il hava şəraitinin əlverişsiz olması səbəbindən az məhsul götürən təsərrüfatçılar bu il bir hektar sahədən 20-50 ton arasında soğan əldə edə biləcəklərini deyirlər. Əkini sentyabrda aparılan bitkininin yığım dövrü isə iyul ayının əvvəllərinə təsadüf edəcək.