Tarixi abidələrimiz necə qorunur?

26 2018 18:29


Ölkəmizdə 6308 daşınmaz tarixi mədəniyyət abidəsi mövcuddur. Tarixi abidələr xalqımızın keçmişini özündə əks etdirir. Bu abidələrin qorunması ən vacib məsələlərdən biridir. Bəs, görəsən, həqiqətdə belədirmi? Ağdam rayonunun Eyvazlı kəndi ərazisindəki ölkə əhəmiyyətli tarixi abidə olan Leyla təpəsində məlumat lövhəsinə rast gəlinmir. Bir vaxtlar qızıl axtaranlar və kərpic kəsənlərin hədəfinə çevrilən tarixi abidəni kənd sakinləri qoruyub saxlaya biliblər. Ağcabədi rayonunun Hindarx kəndi ərazisindəki 5000 il yaşı olan kurqanlardan birinin ətrafında da məlumat lövhəsinə rast gəlmək mümkün deyil. Salmanbəyli kəndi ərazisindəki öz tarixi əhəmiyyəti ilə seçilən Qalatəpə tarixi abidəsində isə eramızdan əvvəl 1-ci minilliyə aid qala divarlarının məhv olma təhlükəsi var.   Yerli sakinlər də bundan narahatdır. Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayevin sözlərinə görə, təkcə Ağdam ərazisindəki 103 arexoloji abidə mühafizə edilir. Sektor müdirinin sözlərinə görə, abidə mühafizəçiləri həmin tarixi abidələrin qorunması ilə məşğuldur. Məlumat lövhələrinə gəldikdə isə sektor müdiri 2014-2020-ci illər üzrə dövlət proqramının icrasının davam etdiyini və həmin proqrama əsasən bu tarixi abidələrə də məlumat lövhələrinin vurulmasının nəzərdə tutulduğunu bildirib. Qurum rəsmisinin sözlərinə görə, Üzeyir qəbristanlığındakı qəbirüstü abidələrin qorunması isə hüquqi və ya fiziki şəxslərin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciətindən sonra mümkün ola bilər.