Şərab istehsalı artırılacaq

01 2018 15:28

Sahibkarlar nardan istehsal edilən şərab üçün texniki şərt almaqda çətinlik çəkirlər. İstehsalçılar deyir ki, nar şərabına xarici ölkələrdə tələbat böyük olduğundan bu məhsulun ixracınının artırılmasına da ehtiyac yaranıb. Əgər texniki şərt almaq mümkün olarsa, istehsalı genişləndirməklə xarici bazarlara daha çox nar şərabı çıxarmaq reallığa çevrilər. Hazırda ölkəmizdə istehsal edilən şərab məhsulları Baltikyanı ölkələr, Amerika Birləşmiş Ştatları, Yaponiya və başqa xarici bazarlarda yaxşı tanınır.  Amma sahibkarlar bununla kifayətlənməyərək ölkəmizdə yeni texnologiyalar əsasında şərablar istehsal edəcək. Buna mövcud müəssisələrin istehsal imkanlarını artırmaqla nail olunacaq. Məqsəd daha keyfiyyətli şərablar istehsal etməklə ixracı sürətləndirməkdir. Sahibkarlar bildirir ki, sovet dövründə salınan bağlar sonrakı vaxtlarda məhv olaraq sıradan çıxmışdı. 5-6 il öncə salınan bağlar isə artıq bəhrəsini verməkdədir. Salınacaq yeni bağların hesabına isə daha keyfiyyətli məhsullar istehsal olunacaq. Sahibkarlar ixrac məqsədli meyvə araqlarının da istehsalını genişləndirəcəklər. Bunun üçün Şirvan meşələrindəki cır meyvələrdən xammal kimi istifadə ediləcək. Məqsəd meyvədən hazırlanan bu içkinin ölkəmizə məxsus olduğunu dünyaya sübut etməkdir. Bundan başqa ölkəmizdə fransız texnologiyası əsasında şampanlar, yaxın vaxtlarda isə ilk dəfə olaraq alkoqolsuz şərab istehsal ediləcək. Ölkəmizə gələn xarici turistlər Avropa yox, məhz yerli Azərbaycan sortlarından hazırlanan şərablara üstünlük verdiklərindən 100 hektara yaxın sahədə əlavə üzüm bağı salınacaq. Nəticədə xarici turistlər vətənlərinə geri döndükdə həmin yerli sortlardan istehsal olunan şərabları da alaraq özləri ilə aparacaqlar. Qeyd edək ki, Azərbaycanın Belarusiyada ticarət evinin açılması şərab istehsalı ilə məşğul olan sahibkarların da işini asanlaşdırıb. Şərab məhsullarını xaricdə daha çox tanıtmaq imkanı yaranıb.