“Düşmən alçaqlığa əl atır”

07 2018 19:30

Ermənistan tərəfi ötən ilin noyabrın 8-dən bu günə qədər cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimini 749 dəfə pozub. Ermənilər Tərtərin təmas xəttinə yaxın kəndlərindəki əkin sahələrində çalışan mülki əhaliyə atəş açırlar. Düşmən eyni zamanda Tərtər rayonunun da əkin sahələrinin qidalandığı Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını mövsüm vaxtı kəsərək təsərrüfatlara ziyan vurmağa çalışır. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşdə danışıb. İcra başçısının sözlərinə görə, bu il Tərtərdə bir hektara 27 sentiner pambıq məhsulu əldə olunub. Lakin ermənilər suyun qarşısını mövsüm vaxtı kəsməsələr bu göstəricini daha artırmaq mümkündür.  Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Monitorinq insidentsiz başa çatıb.