Müəssisə yenidən işə düşdü

10 2018 11:49


Uzun fasilədən sonra Ağdamdakı pambıq zavodu yenidən fəaliyyətə başlayıb. Pambıq sahələrinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə olunması Ağdamdakı pambıq zavodunun da fəaliyyətə başlamasını zəruri edib. Günlük istehsal gücü 25 ton olan zavodun işə düşməsi fermerlərin də işini asanlaşdıracaq. Məsafəni qısaldacaq. Hazırda zavodda emal olunan mahlıcın əsasən alıcıları yerli istehsalçılardır. Amma gələcəkdə bu mahlıca xarici bazarlarda da müştəri axtarılacaq. Müəssisənin yenidən çalışması məşğulluq məsələlərinin həllinə də yardımçı olub. İnsanlar zavodda əmək fəaliyyəti ilə məşğul olmağa başlayıb. Qeyd edək ki, bu il ağdamlı təsərrüfatçılar pambıq əkməyə daha çox maraq göstərəcək. Rayon üzrə 3500 hektar sahədə pambıq bitkisinin əkilməsi nəzərdə tutulur ki, bu da ötən ilkindən 500 hektar artıqdır.