https://youtu.be/dpVQ9G81y0s

Keyfiyyətsiz qoz və fındıq

15 2018 11:47


Novruz bayramında süfrələrin bəzəyinə çevrilən qoz və fındıqdan danışacağıq. Bazarlarda keyfiyyəti aşağı olan qoz və fındığa rast gəlinir. Satıcılar özləri də təsdiq edir ki, çəkisi ağır gəlsin deyə rütubətli şəraitdə saxlanılan belə məhsullar sonradan zay olur. Məhsulun içərisi çürüyür. Nəticədə satıcılar ya həmin məhsulu sata bilmir, ya da onu alan alıcı narazı qalır. Bəzi qoz məhsullarını isə sındırıb yemək müşkülə çevrilir. Bu, nəticədə məhsulun satış səviyyəsinə də öz mənfi təsirini göstərir. Azad İstehlakçılar Birliyinin Mingəçevir şəhər şöbəsindən bildirilir ki, xarab məhsulların bazara ayaq açmaması üçün xüsusi nəzarət həyata keçirilməlidir. Həmin məhsulların bazara girişi birmənalı məhdudlaşdırılmalıdır. Bu işdə aidiyyatı strukturlarla yanaşı, bazarlardakı nəzarətçilər də diqqətli olmalıdır. Qeyd edək ki, hazırda bazarlarda keyfiyyətindən asılı olaraq, fındığın bir kiloqramı 4-7 manat, qoz 7-10 manat, şabalıd isə 5-12 manata təklif olunur. Fındıq ləpəsinin kiloqramı 10, qoz ləpəsi isə 12-15 manata satılır.