https://youtu.be/dpVQ9G81y0s

Düşmənə ağır zərbə vurdular

03 2018 12:11

Aprel döyüşlərinin daha iki qəhrəmanı, baş-leytenant Əbubəkr İsmayılov və gizir Tural Qurbanov da öz igidlikləri ilə tarix yazıblar. Özü də heç vaxt silinməyəcək tarixdə indi onların da adı yer alır. 2016-cı ilin aprel ayında sarsıdıcı zərbə ilə düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman döyüşçülərimiz bir neçə düşmən postunu dağıdaraq strateji yüksəklikləri azad etdilər. Ermənilərin mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan qəhrəman oğlullarımızdan biri də baş leytenant Əbubəkr İsmayılovdur. O böyük qəhrəmanlıqla şəhid oldu. Əbubəkr İsmayılovun xatirəsi rayon sakinləri və onu tanıyanlarla yanaşı vaxtilə təhsil aldığı Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə də anılır. Bir vaxtlar burada elmin sirrlərini öyrənən, iti zəkası və vətənpərvərliyi ilə həmyaşıdlarından seçilən Əbubəkr bu gün hər kəs üçün örnək hesab edilir. Tural Qurbanov da elə həmin ilin aprelində Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən böyük qəhrəmanlıqlar göstərdi. Vətənpərvərliyi və ailəcanlığı ilə fərqlənən Tural vətənini yağı düşməndən qorumağı hər şeydən uca tutur. Təmas xəttində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirərkən qəhrəmancasına şəhid olan gizirimiz fəxrimizə çevrilir. Şəhid hərbiçilərimiz Əbubəkir İsmayılov və Tural Qurbanov öz həyat yolu və göstərdikləri şücaətlərlə ordumuzun gücünü nümayiş etdirdilər. Ərazi bütövlüyümüzün qorunması uğurunda canını fəda edən igidlərimiz Əbubəkir İsmayılov və Tural Qurbanov hər zaman yaddaşlarda yaşayacaq.