Pambıqçılar niyə zəhərləndi?

11 2018 11:14

Saatlıda pambıqçılar kimyəvi maddədən zəhərlənib. Onlara köməyə gələn təcili tibbi yardım stansiyasının əməkdaşlarında da zəhərlənmə halı müşahidə edilib. Zəhərlənən sakinlərdən 20 nəfəri Saatlı Mərkəzi Rayon Xəstəxanasına, 4 nəfəri isə Bakıya çatdırılıb. Zəhərlənmə hadisəsi Saatlının Sımada kəndi ərazisindəki pambıq sahəsində becərmə işi apararkən baş verib. Əvvəlcə sahədə işləyən bir neçə nəfərdə baş gicəllənmə, qıcolma və digər hallar müşahidə edilib. Zəhərlənənlərə kömək məqsədilə sahəyə gələn digər şəxslər də eyni hala düşüblər. Pambıq sahəsində zəhərlənən insanlara ilkin tibbi yardım göstərməyə gələn şəxslər də zəhərlənib. Pambıq tarlasındakı kimyəvi maddədən zəhərlənən 24 nəfər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Bakı şəhərindən Kliniki Tibbi Mərkəzin bir qrup həkimi Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlərin baxışından sonra xəstələrdən 4-ü Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya göndərilib. Saatlı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə 20 xəstənin müalicəsi davam etdirilir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.