Tullantı poliqonları niyə bu haldadır?

12 2018 11:26

Regionlardakı məişət tullantıları poliqonlarının idarə olunmasına ehtiyac yaranıb.

Bərdənin Qasımbəyli kəndi ərazisindəki məişət tullantıları poliqonunun mövcud durumu və oradan qalxan tüstü sakinləri narahat edir. Sakinlər ətrafa yayılan pis qoxunun xəstəlik mənbəyi olduğunu deyirlər.  

Bəzi sakinlər poliqondan qalxan tüstü səbəbindən ərazidən kənarda məskunlaşmaq məcburiyyətində qalıblar. Amma yenə də pis qoxulu tüstüdən yaxa qurtara bilməyiblər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalovun sözlərinə görə, poliqondan qalxan tüstünün səbəbkarları məişət tullantılarını çeşidləyənlərdir. Onlar tullantıları yandırır ki, özlərinə lazım olanları asanlıqla tapsınlar. Nəticədə isə həm sakinlər, həm də ekoloji mühit üçün təhlükə yaranır. Sektor müdiri deyir ki, bu məsələ ilə bağlı nazirliyin ərazi şöbəsi müvafiq akt da tərtib edib.

Nazirlikdən verilən məlumata görə, regionlarda məişət tullantıları poliqonlarının zəif idarə olunmasının qarşısını almaq məqsədilə vahid idarəçilik layihəsi hazırlanır. Layihəyə əsasən 8 müasir sanitar poliqon tikiləcək.

Bu istiqamətdə görüləcək işlər ətraf mühitin qorunmasına hesablanıb.